15 iyun 2026-cı il tarixində ADPU Cəlilabad filialında 2025/2026-cı ilin buraxılış qruplarının “Məzun günü” keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, İnzibati işlər üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı E.İsmayılova, Cəlilabad Rayon İcra Hakimiyyəti Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X.Xəlilova, filialın professor-müəllim heyəti, digər struktur bölmələrin əməkdaşları və müxtəlif ixtisasların tələbələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirə 2025/2026-cı tədris ilinin buraxılış qrupları dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk olaraq məzunları təbrik edib və həyatlarının bundan sonrakı dövründə onlara uğurlar arzulayıb.Eyni zamanda Məzunluq gününün Azərbaycan xalqının tarixində xüsusi günlərdən biri olan “Qurtuluş Günü” nə təsadüf etdiyini bildirərək bu gün münasibətilə də qonaqları təbrik edib.
Pedaqoji fakültənin dekanı E.İsmayılova, bu gün məzunların universitetə, tələbəlik həyatına əlvida dediyini vurğulayaraq tələbəlik illərinin acılı – şirinli anlarının artıq geridə qaldığını bildirib.
Filialın professor-müəllim heyəti də öz növbələrində çıxış edərək tələbələri təbrik ediblər.
Daha sonra 2025/2026-cı tədris ilinin məzunları və onların valideynləri də çıxış edərək, bu gün yaşadıqları hislərin çox unudulmaz və əvəzsiz olduqlarını bildirərək, bu illər ərzində onlardan öz diqqət, qayğı və sevgilərini əsirgəməyən professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Tədbir şən musiqi ifasında müəllim- tələbə heyətinin qarşılıqlı rəqs etməsi ilə yekunlaşıb.




