5 Oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Müəllimlər günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent, X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, struktur bölmə rəhbərləri və əməkdaşları , filialın professor – müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Tədbiri giriş sözü ilə açan filialın direktoru dos, X.H.Sultanlı, müəllimin gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olduğunu vurğulayıb. “Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən məhz onlar gəlir” deyə bildirən filialın direktoru sonda Universitetin müəllim kollektivini səmimi qəlbdən təbrik edib, onlara bu şərəfli peşələrinə daim uğurlar arzu edib .
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova öz çıxışında “Müəllimlər kimi başqa insanların inkişafına həsr olunmuş peşəkar qrup yoxdur. Analar rahatlığı ilə sevimli sərvəti olan övladlarını müəllimlərdən başqa kimlərin əlinə əmanət edə bilər? Gələcəkdə necə insanlar olacağımıza təkcə bilik baxımından deyil, həm də dəyərlərimizə təsir etməklə söz sahibi olan müəllimlərdir. Bu səbəbdən onların vəzifəsi mühümdür, ona görə də işini layiqincə görən hər bir müəllim müqəddəsdir” deyə bildirib .
Filialın əməkdar müəllimi İltifat Bağırov müəllimlərin rolunun cəmiyyət həyatında daim ən yüksək mövqeyə malik olduğunu , məhz onların uzaqgörənliyi və təmkini sayəsində bu gün dövlətimizdə vətənpərvər və xalqına millətinə sadiq insanların yetişdiyini vurğulayıb.
Tədbirlərin təşkili və tələbələrə iş şöbəsinin mütəxəssisi, tərəqqi medallı N.Babayev ” Müəllim bir dünyadır, müəllim cənnətdədir. Onu qiymətləndirməyi bilən tələbə cənnət mələyi olur. Müəllimsiz dünya olar, amma müəllimsiz sivilizasiya heç vaxt elm ola bilməz. İnsanların öz biliklərini başqa nəsillərə ötürməsinin yeganə yolu təhsildir.Bu işi görən insanlar bizim əziz müəllimlərimizdir” deyə bildirərək bütün müəllimlərin bayramını təbrik edib.
Filialın Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli öz çıxışında təhsil sistemində haqqında ən çox danışılan, barəsində müzakirələr aparılan, peşəkarlıq səviyyəsi daim diqqət mərkəzində olan, eyni zamanda, şəxsiyyəti gözəl və təsirli ifadələrlə qiymətləndirilən şəxsin təbii ki, müəllim olduğunu vurğulayıb. O, Müəllimliyin bütün zamanlarda şərəfli peşə hesab olunduğunu, müəllimin isə ən hörmətli şəxs kimi qəbul edildiyini qeyd edib..
Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi R.Feyziyev ve eyni ixtisasın IV tədris ilinin tələbəsi X.Fərziyeva öz çıxışlarında filialın professor müəllim heyətini təbrik ediblər. Sonda Filialın tələbələri M.Məmmədova , N.İsmayılov, A. Qurbanov , Ş. Dövlətli , Ş.Cahangirli , Ş. Məmmədova , C. Ağaverdiyeva, Z.Feyziyeva iştirakı ilə hazırlanan ” Dərs günü” və ” ADPU tələbələri illər sonra ” səhnəcikləri böyük maraqla izlənilib.
ADPU-nun Cəlilabad filialında “27 Sentyabr – Anım Günü”nə həsr edilmiş tədbir keçirilib
27 Sentyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən “27 sentyabr Anım günü” nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova, struktur bölmə rəhbərləri və əməkdaşları, filialın professor-müəllim heyəti, Şəhid Qənbərli Rəşad Əlizamin oğlunun xanımı, filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Qənbərli Turanə Zamin qızı ,müxtəlif ixtisas qrupunun tələbələri iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
27 SENTYABR – ANIM GÜNÜ!
HÖRMƏTLƏ YAD EDİRİK!
20 sentyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Əsrin müqaviləsi”nə həsr olunmuş “Milli uğur strategiyası” adlı tədbir keçirilib
20 sentyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Əsrin müqaviləsi”nə həsr olunmuş “Milli uğur strategiyası” adlı tədbir keçirilmişdir. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ə.Mirzəzadə, F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dos. X.H.Sultanlı öz çıxışında əsasını Ulu öndər H.Əliyevin qoyduğu bu müqavilənin 29 il ərzində dövlətimizin inkişafında hansı rolu oynadığından geniş bəhs edib. Həmçinin, “Əsrin Müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq nümunəsi olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli öz çıxışında Azərbaycan neft sənayesinin, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdiyini dinləyicilərin nəzərinə çatdırıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, bu müqavilənin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun xeyli yüksəldiyini bildirib.
Tədbirin sonunda “Əsrin müqaviləsi”nin vacib məqamlarını özündə əks etdirən video-çarx iştirakçılar tərəfindən izlənilib.
15 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar filialın pedaqoji fakultə dekanı M.A.Rəhimova tərəfindən I tədris ilinin tələbələri və onların valideynlərilə görüş təşkil edilib.
15 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar filialın pedaqoji fakultə dekanı M.A.Rəhimova I tədris ilinin tələbələri və valideynləri ilə görüş təşkil edib.
Görüşdə dekan M.A.Rəhimova filialın yaranma tarixi, ixtisaslar, 2023/2024-cü tədris ilində qəbul olunan tələbə statistikası, hər bir tələbənin bilməli olduğu zəruri terminlər barədə ətraflı məlumat verib. Eyni zamanda, M.Rəhimova filialın elmi potensialı, qarşıya qoyulan hədəflər, təqaüdün təyin edilməsi, təqaüd balları, təhsil haqlarının ödənilmə qaydaları, universitetdən xaric edilmə halları, eləcə də tədris prosesində davranış qaydaları haqqında tələbələri maarifləndirib.
Tyutorlar E.İsmayılova, N.Qasımov, R.Nəsirov, G.Mehdizadə boloniya prosesinin, kredit sisteminin tələbləri, müddəaları, imtahan qaydaları, qiymətləndirmə balları, yay məktəbi barədə tələbələrə ətraflı informasiya veriblər.
15 sentyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2023-2024-cü tədris ilinə həsr olunmuş Bilik Günü tədbiri keçirilib
15 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar Bilik günü keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A.Rəhimova, Tərbiyə işləri üzrə təşkilatçı A.R.İbişov, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor – müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib , daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəli sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. X.H.Sultanlı çıxışında ümummilli liderimiz H.Əliyevin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə həmin ildən başlayaraq fəaliyyət göstərən filialın bu zaman çərçivəsində keçdiyi yoldan danışaraq, əldə olunan nailiyyətlərdən bəhs edib. Əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə Prezindenti möhtərəm İlham Əliyev cənabları tərəfindən təhsilə göstərilən yüksək dövlət qayğısından danışaraq yeni tədris ilində tələbələrlə aparılacaq işlər və professor-müəllim heyəti arasında qarşılıqlı fəaliyyəti, rəqabəti koordinasiya etmək məqsədilə keyfiyyətə təminat məsələlərinə daha da diqqətlə yanaşılacağını vurğulayıb. O, çıxışında həmçinin şanlı ordumuzun şücaəti sayəsində tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunmasından və həmin ərazilərdə infrastrukturların yenidən qurulmasından, Füzulidə, Cəbrayılda yeni təhsil müəssisələrinin fəaliyyətə başlamasından söz açıb.
Daha sonra pedaqoji fakultə dekanı M.A.Rəhimova tələbələri təbrik edərək, onları bu şərəfli peşəyə və şəhidlərimizin axıtdıqları qana layiq olmağı arzulayıb.
Eyni zamanda, tərbiyə işləri üzrə təşkilatçı A.İbişov, Respublikanın əməkdar müəllimi İ.Bağırov, baş müəllim Ə.Mirzəzadə, filialın tarix-coğrafiya müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədzadə İsmayılın valideyni Xəlil Məmmmədzadə, TGT sədri Nərmin İsmayılova öz ürək sözlərini bildiriblər.
Sonda 2023/2024-cü tədris ilində filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Süleymanlı Ləman Əfqan qızı 509 bal topladığı üçün rəhbərlik tərəfindən hədiyyə ilə təltif edilib.
ADPU –nun Cəlilabad filialında bütün ixtisaslar üzrə 2023/2024-cü tədris ilinin ilk dərsi “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr edilib.
ADPU- nun Cəlilabad filialının daha bir uğuru
Filialın “Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri” Eldar Vidadi oğlu Muradlını 5409.01 – Geomorfologiya ixtisasında coğrafiya elm sahəsi üzrə fəlsəfə doktoru diplomunu alması münasibətilə kollektivimiz adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Uğurlarınız davamlı olsun Eldar müəllim!
ADPU Cəlilabad filialının mütəxəssisi “Təhsil sahəsində İctimaiyyətlə effektiv əlaqə ” təlimində iştirak edib
İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” mövzusunda keçirilən iki günlük peşəkar təlim proqramı başa çatıb. ADPU-nun fakültələri, filialları, kolleci və digər müvafiq strukturlarının ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə məsul şəxsləri üçün nəzərdə tutulan təlim proqramında Cəlilabad filialının Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Şəmsi Hüseynov da iştirak edib.
Təlim iştirakçılarda KİV və sosial media üçün xəbərlərin, məlumatların hazırlanması, press-relizlərin tərtibi qaydaları, diqqət edilməli məqamlar, tələb olunan əsas səriştələr, ifadə üsulları, sosial media resurslarından effektiv istifadə, təhsildə marketinq anlayışları və s. haqqında ətraflı təsəvvür yaratmaq, onların iş motivasiyasını artırmaq, komanda ruhunu formalaşdırmaq məqsədi daşıyır.
Proqram ərzində peşəkar təlimçilər Eltac Cəbiyev və Fəxrəddin Abdullayev, Bakı Dövlət Universitetinin dosenti, media eksperti Vəfa İsgəndərova, ADPU-nun mətbuat katibi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, eləcə də şöbənin redaktoru Taleh Mirzəyev, qrafik dizeyneri Elvin Vahidov və SMM mütəxəssisi Asim İbrahimovun təqdimatında qeyd olunan istiqamətlər üzrə 34 nəfər iştirakçı üçün təlimlər təşkil olunub.
İnteraktiv şəraitdə keçən təlimlərdə iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı diskussiya aparılıb.
Proqramın bağlanışında iştirak edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov iştirakçıları təbrik edərək, görülən məqsədyönlü tədbirlər sayəsində universitetin nüfuzunun günü-gündən artdığını qeyd edib. Rektor əməkdaşların sahələr üzrə peşəkar kompetensiyalarının inkişaf etdirilməsində bu kimi təlimlərin əhəmiyyətinə toxunaraq, həm korporativ, həm də şəxsi qaydada daimi inkişaf proqramlarına qatılmağın vacib olduğunu vurğulayıb.
Yekunda rektor, prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, prof. Fikrət Rzayev və ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov tərəfindən iştirakçılara müvafiq təsdiqedici sertifikatlar təqdim olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş tədbir keçirilib
22 iyun 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələr” günü ilə əlaqədar “Ordum varsa, yurdum var” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, tərbiyə işləri üzrə təşkilatçı A.R.İbişov, Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent, Y.B.Dadaşlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi N.Babayev, filialın professor-müəllim heyəti, müvafiq strukturların əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos.X.H.Sultanlı bu günün tariximizə qızıl hərflərlə yazıldığını qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.A.Mirzəzadə öz çıxışında bu əlamətdar günün yaranma tarixi haqqında vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, o, bildirib ki, 2020-ci ildə ordumuzun qazandığı böyük zəfər Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin göstəricisidir. Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü həmçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində də bilavasitə biz müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Sonda dosent X.H.Sultanlı dəyirmi masa iştirakçılarını Şəmistan Nəzirlinin müəllifi olduğu “Arxivlərin sirri açılır” kitabından maraqlı faktlarla tanış edib. Tədbir həmin faktların təhlili ilə davam edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında buraxılış qrupları üzrə Məzun günü keçirilib
17 iyun 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə 2022/2023-cü ilin buraxılış qruplarının Məzun günü keçirilib. Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov, filialın professor-müəllim heyəti, digər struktur bölmələrin əməkdaşları və müxtəlif ixtisasların tələbələri iştirak edib.
Tədbirin əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan filialın direktoru dosent X.H.Sultanlı ilk öncə məzunları təbrik edib və həyatlarının bundan sonrakı dövründə onlara uğurlar arzulayıb. Ulu Öndərin təhsil sferasında xalqımıza bəxş etdiyi geniş imkanlardan bəhs edən X.H.Sultanlı bu gün regionlarda, eyni zamanda, Cəlilabadda təhsil ocağının mövcudluğunun vacibliyini diqqət mərkəzinə çəkərək bu gün də Ümummilli liderin ideya və strategiyalarını uğurla, əzmlə davam etdirən İlham Əliyev cənablarının təhsilimizdə yüksək inkişaf yaradan mühim islahatlarından bəhs edib.
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova tələbələrin məzun adı alması, həmçinin həyatlarında yeni dönəmə qədəm qoymaları münasibətilə onları təbrik edib. O, bu gün Azərbaycan xalqına daim xidmət edəcək tələbə yetişdirmək kimi məsul bir vəzifənin öhdəsindən gəlməyin həyatımızda qürur verici bir hiss olduğunu vurğulayıb.
Daha sonra filialımızın professor- müəllim heyəti də məzunları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayaraq, onları müqəddəs müəllimlik peşəsinin adını hər zaman ucalarda daşımağa və ona layiq olmağa səsləyib.
Eyni zamanda 2022/2023-cü tədris ilinin məzunları və onların valideynləri də çıxış edərək, bu gün yaşadıqları hislərin çox unudulmaz və əvəzsiz olduqlarını bildirərək, bu illər ərzində onlardan öz diqqət, qayğı və sevgilərini əsirgəməyən professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Cəlilabad rayon Musiqi məktəbinin şagirdləri Məhəmməd Mustafayevin qarmonda “Nazilə rəqsi”, Kərimzadə İbrahimin “Xudayar təsnifi” ifası, Oruczadə Mirməryəmin Fəridəm rəqsi tədbirə xüsusi abu-hava qatıb.
Filialımızın tələbələri Ramilə Qubadova, Zəkiyyə Dadaşova, Sevinc Mahmudova, Şəbnəm Əzimovanın ifalarında “Tələbəlik illəri” , “Hayat bayram olsa” musiqiləri, Səbinə Səfərova və Asif Qurbanovun rəqsləri çox böyük maraqla izlənilib.