ADPU-nun Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı və Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə tələbələrimiz I və II Fəxri Xiyabanı ziyarət ediblər. ADPU-nun Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova, Rayon Gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov, müavini Vüqar Cavadov, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da ziyarətçilər arasında olublar.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatının İdarə Heyəti fəal tələbələrlə birlikdə “Hədəf 10%” proqramı çərçivəsində Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər. Ekskursiya zamanı tələbələrimiz Mərkəzlə ətraflı tanış olmuşlar. Onlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat almış, Mərkəzdə nümayiş olunan sərgilərə baxış keçirmiş, eksponatlar haqqında maraqlı faktlar öyrənmişlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Həsrət qoxulu mələklər” kitabının təqdimatı keçirilib
16 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi, Tələbə Gənclər Təşkilatının birgə fəaliyyətilə “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının IV tədris ili tələbəsi Leyla Quluzadənin “Həsrət qoxulu mələklər” kitabının təqdimatı keçirilib. Tədbirdə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, ADPU-nun Cəlilabad filialında Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Şahin Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, müəllim Dəyanət Əskərov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələri anılıb. Onlara xüsusi hörmət və ehtiram bildirilib.
İlk olaraq ADPU-nun Cəlilabad filialında Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Ş.Cəbrayılov sözə başlayaraq tələbəmiz Leyla Quluzadənin ərsəyə gətirdiyi “Həsrət qoxulu mələklər” kitabının mövzusu haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Müəllifin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə şəhid olmuş vətən oğullarımızın şanlı döyüş yollarının bu kitabdan yaddaşlarımıza bir daha həkk olunacağını, artıq tarixi səlnaməyə çevrilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” müqəddəs idealının xalqımız üçün daimiyaşar olacağını vurğulayıb.
Sonra müəllif Leyla Quluzadə yeni işıq üzü görən “Həsrət qoxulu mələklər” kitabının məzmunu, forması, ideya estetik xüsusiyyətləri və ən əsası müqəddəs ideya-amalları barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verib. Bildirilib ki, əsərdə igid vətən oğullarımızın şanlı döyüş yolunun bədii boyalarla əks olunmasında real faktlara əsaslanılmışdır. Belə ki, kitabın yazılma məqamlarında onlarla Şəhidlərimizin ev muzeyləri ziyarət olunmuş, keçdikləri şanlı döyüş yolları öyrənilmiş, onların ailə üzvlərilə görüşülmüş, müvafiq məlumatlar toplanılmışdır. Vətənə sədaqətli xidmətin üstünlüklərini qeyd edən müəllif bu gün də müasir ideoloji döyüşlərdə xalqımızla birlik və bərabərlik nümayiş etdirməyin vacib olduğunu qeyd etmişdir.
Sonra təqdimatı həyata keçirilən “Həsrət qoxulu mələklər” kitabının müəllifi L.Quluzadəyə təşəkkür etməklə sözə başlayan Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov Respublika Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi Gənclər siyasətindən geniş söz açaraq elə bu yanaşmanın qayəsinə uyğun olan vətənpərvərlik mövzusunda belə bir kitabın məhz, gəncimiz tərəfindən ərsəyə gəlməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlət-Xalq-Ordu birliyimizdən xalqımızın unudulmaz övladları–şəhidlərimizin, qazilərimizin, döyüşçü gənclərimizin keçdikləri şərəf dolu xatirələri nümunələr əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onların ailə üzvləriylə görüşlərdən təəssüratlarını gənclərimizlə bölüşüb. Kitabın mözsusu istiqamətində müsbət fikirlərini qeyd edərək ideya-məzmun xüsusiyyətlərininin örnək olduğunu bildirib.
Daha sonra söz Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılova verildi. O, istedadlı gənc L.Quluzadəyə təşəkkürünü bildirərək vətənimizin istiqlaliyyəti, işğal edilmiş ərazilərimimizin azadlığa qovuşması istiqamətində mübarizə apararaq bu yolda sinələrini sipər etmiş vətən oğullarımızın keçdikləri şərəfli vətəndaşlıq amalını mövzu olaraq seçməsini xüsusi dəyərləndirib. Əsəri yüksək qiymətləndirdiyini söyləyərək gənc yazara fəaliyyətinin sonrakı istiqamətlərində də azad fikirlilik, vətənə hörmət, insanlığa bağlılıq, yüksək amallar uğurundakı çalışmalarında uğurlar arzulayıb.
Sonda Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Dəyanət Əskərov müəllif L.Quluzadə tərəfindən təqdim olunan kitabın ideyası, oradakı yüksək vətənpərvərlik motivlərini və ən əsası xalqımızın tarixi keçmişilə səsləşən qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib. İstedadlı gənclərimizin inkişafında göstərdikləri dəstəyə, diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlığını ifadə edərək Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Bu yaradıcı baxışlarımızın reallaşdırılması üçün bizlərə hüzurlu günləri bəxş edən Müstəqil Azərbaycanımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri qarşısında baş əyərək qazilərimizə Alalhdan şəfa diləyib.
Tədbirin sonunda qonaqlara kitab hədiyyə edilib. ADPU-nun Cəlilabad filialınının direktoru, dosent Xudayar Sultanlı başda olmaqla, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, təqdimatı keçirilən “Həsrət qoxulu mələklər” kitabının müəllifi Leyla Quluzadə, qonaqlar və bütün tədbir iştirakçıları olan tələbələrlə xatirə şəkli çəkilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Şuşa ilinə həsr olunmuş şeir müsabiqəsi keçirilib
16 noyabr 2022-ci il tarixində Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə ADPU-nun Cəlilabad filialının tələbələri arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi keçirilib. Tədbirdə ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Şahin Cəbrayılov, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Tofiq İsgəndərov, Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ələsgər Mirzəzadə, Şöhrət Namazova, Tələbə və tədrisin idarə olunması şöbəsinin əməkdaşı Rüfət Sabirli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
İlk olaraq Şuşa şəhəri haqqında iştirakçılara məlumat verən ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova dilbər guşəmiz Qarabağın tacı olan Şuşanın ölkəmiz üçün əhəmiyyəti və müqəddəs, əziz məkanlarımızdan biri olması barədə söz açmışdır. Şuşa sevgisinin bütün Azərbaycanlıların mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd etmişdir.
Əsasının 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu və bu il 270 illik yubileyi qeyd olunduğu Şuşa şəhəri zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında xüsusi rol oynamaqdadır. Sevindirici haldır ki, Azərbaycanımızın mədəniyyət paytaxtı olan Şuşada bu gün aparılan şəhərin əsl tarixi simasının bərpası istiqamətindəki layihələr bir-birinin ardınca gerçəkləşdirilməkdədir. Çox qısa müddətdə Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışı, bununla yanaşı buradakı tarixi, dini, ümumiyyətlə memarlıq abidələrinin bərpası prosesi ölkəmizizn bu vacib məkanında görülən kompleks işlərin tərkib hissəsidir.
Sonra “Şuşa İli”nə həsr olunana şeir müsabiqəsi açıq elan olunub. Müsabiqədə iştirak edən tələbələr Şuşa şəhəri haqqındakı şeirləri öz maraqlı ifadələrilə təqdim ediblər. Sonda müsabiqənin qalibləri elan olunub. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Zəhra Feyziyeva 1-ci, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının dördüncü tədris ili tələbəsi Rüqəyya Eminova 2-ci, “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Vüsalə Quliyeva isə 3-cü yerə layiq görülmüşlər. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ceyhunə Ağaverdiyeva isə 4-cü olaraq həvəsləndirici yerlə kifayətlənmişdir.




