Bu gün ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2024-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən “İnsan alverinə yol verməyək“ mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Polisə Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutmuşdur.
Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılmasından sonra başlanan tədbiri ADPU-nun Cəlilabad filialında “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Sonra qonaqlara, professor-müəllim heyəti və tələbələrə müraciətlə sözə başlayaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlət siyasəti müstəvisində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün müvafiq dövlət proqramlarının qəbul edilməsini, möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevin bu barədə fərman və sərəncamlar imzaladığını, bununla da beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazasının yaradıldığından danışıb. Natiq bildirib ki, dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli Bayrağımızı böyük iftixar hissi ilə yüksəklərə qaldırırlar.
Sonra “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev geniş məruzə edib. O, məruzəsində “insan alveri” anlamaına gələn bütün istiqamətləri tədbir iştirakçılarının diqqətlərinə çatdırıb. Ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının əhəmiyyətindən danışıb. Gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırmışdır.
Daha sonra hüquqşünas-ekspert Aydın Kərimov insan qaçaqçılığı problemlərini dünyada gedən mürəkkəb sosial-iqtisadi-siyasi proseslər zəminində əsaslandıraraq dinləyicilərin nəzərinə çatdırıb. Vurgulayıb ki, bəzi “İşbaz”ların tələsinə düşməmək üçün son dərəcə ehtiyatlı olmaq, şübhəli məqamları dərhal polisə bildirmək, tanış olmayan insanlarla münasibətlər zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Hüquqşünas-ekspert Leyli Quliyevanın da qatıldığı tədbir tələbələrin çoxsaylı sualları ilə diqqəti daha çox cəlb etmişdir. Verilən suallar cavablandırılıb, mövzu istiqamətində anlaşılmayan hüquqi terminlər tələbələrə izah olunmuşdur.