Xəbərlər

16 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi, Tələbə Gənclər Təşkilatının birgə fəaliyyətilə “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının IV tədris ili tələbəsi Leyla Quluzadənin “Həsrət qoxulu mələklər” kitabının təqdimatı keçirilib. Tədbirdə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, ADPU-nun Cəlilabad filialında Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Şahin Cəbrayılov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, müəllim Dəyanət Əskərov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələri anılıb. Onlara xüsusi hörmət və ehtiram bildirilib.
İlk olaraq ADPU-nun Cəlilabad filialında Kitabxana və elektron resurslar şöbəsinin müdiri, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Ş.Cəbrayılov sözə başlayaraq tələbəmiz Leyla Quluzadənin ərsəyə gətirdiyi “Həsrət qoxulu mələklər” kitabının mövzusu haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Müəllifin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə şəhid olmuş vətən oğullarımızın şanlı döyüş yollarının bu kitabdan yaddaşlarımıza bir daha həkk olunacağını, artıq tarixi səlnaməyə çevrilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” müqəddəs idealının xalqımız üçün daimiyaşar olacağını vurğulayıb.
Sonra müəllif Leyla Quluzadə yeni işıq üzü görən “Həsrət qoxulu mələklər” kitabının məzmunu, forması, ideya estetik xüsusiyyətləri və ən əsası müqəddəs ideya-amalları barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verib. Bildirilib ki, əsərdə igid vətən oğullarımızın şanlı döyüş yolunun bədii boyalarla əks olunmasında real faktlara əsaslanılmışdır. Belə ki, kitabın yazılma məqamlarında onlarla Şəhidlərimizin ev muzeyləri ziyarət olunmuş, keçdikləri şanlı döyüş yolları öyrənilmiş, onların ailə üzvlərilə görüşülmüş, müvafiq məlumatlar toplanılmışdır. Vətənə sədaqətli xidmətin üstünlüklərini qeyd edən müəllif bu gün də müasir ideoloji döyüşlərdə xalqımızla birlik və bərabərlik nümayiş etdirməyin vacib olduğunu qeyd etmişdir.
Sonra təqdimatı həyata keçirilən “Həsrət qoxulu mələklər” kitabının müəllifi L.Quluzadəyə təşəkkür etməklə sözə başlayan Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov Respublika Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi Gənclər siyasətindən geniş söz açaraq elə bu yanaşmanın qayəsinə uyğun olan vətənpərvərlik mövzusunda belə bir kitabın məhz, gəncimiz tərəfindən ərsəyə gəlməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlət-Xalq-Ordu birliyimizdən xalqımızın unudulmaz övladları–şəhidlərimizin, qazilərimizin, döyüşçü gənclərimizin keçdikləri şərəf dolu xatirələri nümunələr əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onların ailə üzvləriylə görüşlərdən təəssüratlarını gənclərimizlə bölüşüb. Kitabın mözsusu istiqamətində müsbət fikirlərini qeyd edərək ideya-məzmun xüsusiyyətlərininin örnək olduğunu bildirib.
Daha sonra söz Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılova verildi. O, istedadlı gənc L.Quluzadəyə təşəkkürünü bildirərək vətənimizin istiqlaliyyəti, işğal edilmiş ərazilərimimizin azadlığa qovuşması istiqamətində mübarizə apararaq bu yolda sinələrini sipər etmiş vətən oğullarımızın keçdikləri şərəfli vətəndaşlıq amalını mövzu olaraq seçməsini xüsusi dəyərləndirib. Əsəri yüksək qiymətləndirdiyini söyləyərək gənc yazara fəaliyyətinin sonrakı istiqamətlərində də azad fikirlilik, vətənə hörmət, insanlığa bağlılıq, yüksək amallar uğurundakı çalışmalarında uğurlar arzulayıb.
Sonda Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi Dəyanət Əskərov müəllif L.Quluzadə tərəfindən təqdim olunan kitabın ideyası, oradakı yüksək vətənpərvərlik motivlərini və ən əsası xalqımızın tarixi keçmişilə səsləşən qəhrəmanlıq nümunələrini yüksək qiymətləndirib. İstedadlı gənclərimizin inkişafında göstərdikləri dəstəyə, diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlığını ifadə edərək Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Bu yaradıcı baxışlarımızın reallaşdırılması üçün bizlərə hüzurlu günləri bəxş edən Müstəqil Azərbaycanımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri qarşısında baş əyərək qazilərimizə Alalhdan şəfa diləyib.
Tədbirin sonunda qonaqlara kitab hədiyyə edilib. ADPU-nun Cəlilabad filialınının direktoru, dosent Xudayar Sultanlı başda olmaqla, Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova, təqdimatı keçirilən “Həsrət qoxulu mələklər” kitabının müəllifi Leyla Quluzadə, qonaqlar və bütün tədbir iştirakçıları olan tələbələrlə xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.