2022/2023-cü tədris ilinin başlanmasıyla əlaqədar sentyabr ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında I tədris ilinin tələbələri ilə görüş keçirildi.
Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla başlanan görüşdə filialın direktoru, dosent Xudayar Sultanlı tələbə adını qazanaraq yeni təhsil pilləsinə qədəm qoyduqlarına görə bütün birinci tədris ilinin tələbələrini təbrik etdi, onlara təhsil prosesində uğurlar arzuladı.
Direktor, dosent X.Sultanlı çıxışına Ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini çox yüksək qiymət verdiyini vurğulamaqla başladı və bildirdi ki, Ulu öndər: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” – demişdir. Bildirildi ki: “bu yüksək adı qazanmaq, qoruyub saxlamaq, müəllim peşəsinin icrasını ləyaqətlə yerinə yetirmək siz tələbələrin üzərinə düşür. Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə daimi olaraq ümumdünya müstəvisində yüksəlişə inteqrasiya olunmağımız vacib şərtlərdən biridir. Məhz, bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin elmə və təhsilə xüsusi qayğısı, diqqəti göz qabağındadır. Ölkəmizin əsrlərdir davam edən tale yüklü məsələlərininin həllində iqtisadi, siyasi, hərbi, mədəni və demək olar ki, həyatımızın bütün sferalarında qazandığımız uğurlar məhz, elmi-texniki tərəqqiylə mümkün olmuşdur. Odur ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil etməkdədir. Həmçinin, ölkəmizdə təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir”.
Natiq onu da qeyd etdi ki; “belə bir əlverişli şəraitdə hər birimizin borcu vəzifəmizi şərəf və ləyaqətlə, peşəkarcasına yerinə yetirmək olmalıdır: Müəllim ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir”.
Sonra, filialın direktoru, dosent X.Sultanlı 2022/2023-cü tədris ilinin filial üzrə ən yüksək nəticə toplamış tələbəsi olan Şahbazova Mehriban Namiq qızına hədiyyələr təqdim etdi. Qeyd edək ki, Mehriban Şahbazova 524.3 balla “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olmuşdur.
Xatırladırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının ölkəmizdə pedaqoji kadr hazırlığının baza prinsiplərinə uyğun fəaliyyətində özünəməxsus payı vardır və sevindirici haldır ki, yeni tədris ilinə elə ilk mərhələdə 100 faiz tələbə qəbulu nəticəsiylə başlamışdır.