22 dekabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi, eyni zamanda “Tələbə və tədrisin idarə olunması” şöbəsinin mütəxəssisi olan Mürsəlli Fuadın təqdimatında elmi seminar keçirilmişdir. Seminarda Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültə dekanlığının nümayəndələri, “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası”, həmçinin, “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedralarının professor-müəllim heyəti, aidiyyatı üzrə struktur bölmələrin əməkdaşları iştirak etmişlər.
Filialın direktoru, dosent Xudayar Sultanlı giriş sözü ilə nitq söyləyərək hazırkı seminarın mövzu etibarı ilə tədris prosesimizin günümüz üçün ən aktual məsələlərdən birini əhatə etdiyini bildirib. Vurğulayıb ki, Böyük Heydər Əliyev Məktəbinin layiqli davamçısı, Respublika Prezidentimiz Cənab İlham Əliyevin tədrisin keyfiyyətinin artırılması istiqamətindəki dövlət dəstəyini hər zaman hiss edirik. Belə bir əlverişli şəraitdə biz pedaqoji heyətin qarşısında duran əsas vəzifələrdən biri də tədris prosesində yeni üsul və qaydalardan məharətlə istifadə etməmizin vacibliyidir. Direktor onu da qeyd etmişdir ki, təhsilimizə günümüz reallıqları şəraitində yeni məntiqi yanaşmalar və bu istiqamətdə beynəlxalq inteqrasiya imkanlarından peşəkarcasına yararlanmaq böyüməkdə olan gənc nəslimizin mənəvi inkişafına çox böyük təkan olacaqdır.
Ali məktəblərdə interaktiv mühazirələrdən istifadənin səmərəli yolları istiqamətində geniş təqdimatla çıxış edən “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının müəllimi F.Mürsəlli ilk olaraq elmi seminar mövzusunun günümüzün reallıqları ilə təhlilini həyata keçirərək aktuallığını vurğulayıb. Sonra, bu haqda elmi fikirlərini, tədqiqatın əsas istiqamətlərini təqdimat əsasında seminar iştirakçılarının diqqətinə çatdıraraq bildirmişdir ki, mühazirə ali məktəbin didaktikasına uyğun böyük elmi məlumatları toplamağa, zehni fəaliyyəti aktivləşdirməyə xidmət edən müəllim-tələbə əməkdaşlığı ilə, emosional qarışılıqlı təsirlə xarakterizə olunur. Bu zaman yaranan çatışmazlıqlar aşağıdakılar ola bilər: Dinləyicinin yaddaşından məlumatların qısa müddətə itməsi, fərdi və qrup halındakı fəaliyyətin idarə olunmasındakı çətinliklər; yazı bacarığı, xüsusilə konspektləşdirmə; özü öyrənmə üçün aşağı motivasiya, təlimə fərdi yanaşmanı təmin edə bilmək bacarığının olması. Lakin, istər əvvəlki dönəmlərdə, istərsə də hazırda, qısa müddət ərzində geniş elmi məlumatlar, zəngin yeni materiallar mənimsəməyə imkan verən alternativ tapmaq çox çətindir. Hal-hazırda tələbələri maraqlandıran istənilən məlumatları əldə etmək üçün çoxlu sayda internet qaynaqlarının olmasına baxmayaraq, bu materiallar fonunda çaşıb qalma ehtimalı, düzgün olmayan, elmi əsassız qeydlərin əldə olunması riski daha böyükdür. Məhz buna görə də “şəbəkədə” müxtəlif səhv materialların yayılması daha çox problemlər yaratmaqdadır.
Elə bu əsasda pedaqoji heyətin tələbələr üçün təqdim etdikləri mühazirə materialları getdikcə daha çox müəllim və tələbələr tərəfindən səslənən ortaq düşünmə formasına çevrilməkdədir və bilik zövqünün gerçəkliklə əlaqəsini həvəsləndirmək üçün hazırlanmalıdır. Həmçinin, kitablarda, səlahiyyətli insanlarla söhbətlərdə, müşahidələrdə, düşüncə və təcrübələrdə suallar vermək və onlara cavab tapmağa təşəbbüs göstərilməlidir. Nəhayət, didaktiv çalışmalar maraqlanmağı inkişaf etdirməli, lazımi məlumatları axtarmağı və onunla işləməyi öyrətməlidir. Buna görə də İnteraktiv mühazirə tələbələrin üzərində tam nəzarəti saxlamaqla, onları tədris prosesinə cəlb etməyə imkan verən vacib bir formatdır.
İnteraktiv mühazirənin növləri: problem – situasiyalı mühazirə; vizual vasitələrdən istifadə ilə təşkil olunan mühazirə; birlikdə tədris olunan mühazirə (İkili mühazirə); əvvəlcədən səhvlərlə planlaşdırılan mühazirə; mətbuat konfransı xarakterli mühazirə; söhbət xarakterli mühazirə və ya auditoriya ilə dialoq; müzakirə xarakterli mühazirə və konkret vəziyyətlərin təhlili ilə aparılan mühazirə haqqında orijinal fikirlərini ifadə edən natiq bütün bu istiqamətlər barədə ən kiçik müddəalardan fundamental əsaslaradək olan pedaqoji yanaşmalar haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Sonda, peşəkar müzakirələr şəraitində keçirilən Seminarın işi yüksək dəyərləndirilmiş, müəllim F.Mürsəlliyə iştirakçılar tərəfindən təşəkkür bildirilərək əsaslı tədqiqatları üçün alqışlar nümayiş etdirilmişdir.