Xəbərlər

16 mart 2026-cı ildə Cəlilabad rayon İcra Hakimiyyəti və ADPU Cəlilabad filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən tədbir keçirilib. 2013-cü ilin dekabrında BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Şəhərlər Gününə həsr olunub “Dəyişən dünya: yeniliklər və gələcək nəsillər üçün daha yaxşı həyat” mövzusunda keçirilən tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2013-cü ilin dekabrında təsis edilən Ümumdünya Şəhərlər Günü dünya urbanizasiyası problemlərinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıdığını vurğulayıb. Bütün dünyada şəhərlərin davamlı inkişafını təmin etmək üçün bu proseslə bağlı problemlərin həllində imkanlardan istifadə edilməsi məqsədilə ölkələrin əməkdaşlığının gücləndirilməsindən bəhs olunur. Bu beynəlxalq bayram bəşəriyyətin yaratdığı ən qüdrətli və mürəkkəb əsərinə həsr edilib. Sirr deyil ki, istənilən şəhərin sosial-iqtisadi inkişafı onun urbanizasiyasından, burada insanların nə dərəcədə rahat və təhlükəsiz yaşamasından, ekologiyadan, infrastrukturun inkişaf səviyyəsindən, təklif olunan xidmətlərin keyfiyyətindən və s. asılıdır. Azərbaycanda şəhərsalma və memarlıq sənətinin bariz nümunələrinin olduğunu və daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimizin ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxladığını vurğulayıb.
Daha sonra ADPU Cəlilabad filialının Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı bildirmişdir ki, hazırda planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək.
Dünyanın enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji effektivliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.
Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin payına düşür.
Tədbirin sonunda “Şəhərsalma və Memarlıq İli” nə həsr olunan slaydı təqdim edilib.
Tədbirdə 30 nəfər İştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.