Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad Filialının Kollektivi 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərimizin Anım Gününə Həsr Olunmuş Rayon Tədbirində Iştirak Etmişlər.

Bu gün ADPU-nun Cəlilabad filialının kollektivi başda direktor, dosent Xudayar Sultanlı olmaqla 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərimizin Anım Gününə həsr olunmuş Rayon tədbirində iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış, Dövlət Himnimiz səsləndirilmişdir.

Daha sonra Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Cəlilov, Şəhid ailə üzvləri, Qazilərimizin çıxışları dinlənilib. Məktəblilərin hazırladıqları Vətən, Şəhid, Cəsur əsgər məzmunlu şeir parçaları söylənilib. Yüksək vətənpərvərlik motivləri ilə dolu olan tədbir sonda Şəhidlərimizin unudulmaz xatirələrinə həsr olunmuş Abidə kompleksinin açılışı ilə davam edib. Başlarının üzərində Azərbaycanımızın Dövlət Bayrağı, əllərindəki gül-çiçəklərlə çoxsaylı insan axını şəhidlərimizin ziyarəti üçün Xiyabanda izdihamlı görüntülər yaratmışlar.

Bildirilmişdir ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirmiş, şəhidlərimizin ruhuna ehtiram göstərmiş, onların xatirəsini uca tutmuşdur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıraraq ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qəhrəman Ordumuzun müqəddəs məqama ucalmış Şəhidlərinə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş əziz Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, Qazilərimizə Allahdan şəfa diləyirik.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialında Elmi Şuranın Iclası Keçirilmişdir

23.09.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Elmi Şuranın iclası keçirilmişdir. İclas Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 12-si 13-nə keçən gecə törədilən geniş miqyaslı təxribatın qarşısını alarkən, dünyasını dəyişmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılmasıyla başladı.

İclasın sədri, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı bildirdi ki, bu il 15 sentyabr-“Bilik Günü”nün təntənəli qeyd olunmamasının səbəbi mənfur düşmənlərimizin növbəti təxribatları nəticəsində ürək yanğısıyla andığımız şəhidlərimizin olmasıdır. Elə bu səbəbdən də ilk dərslərimiz məhz, “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdur.

Sədr filialın 2022/2023-cü tədris ilinə başlanması ilə əlaqədar olaraq bu ilin qəbul planının elə ilk mərhələdəcə 100% yerinə yetirildiyini vurğuladı. Həmçinin məzunlarımızın uğurlarından söz açaraq onların “Müəllimlərin işə qəbulu” (MİQ) imtahanlarında uğurlu nəticələrinə diqqətləri yönəltdi. Yeni kadrların təqdimatını həyata keçirərək onların bəzilərinin məhz, filialımızın məzunları olduğunu məmnunluqla qarşıladı və hər birinə müvəffəqiyyətlər arzuladı.

Sonra söz ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimovaya verildi. 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti barədə geniş məruzə edən M.Rəhimova bildirdi ki, yeni tədris ilinə hazırlıq tam başa çatmışdır. Kafedralar üzrə dərs yüklərinin bölgüsü, tədris olunacaq fənlərin–dərs cədvəllərinin, tədrisin keyfiyyətinin artırılması istiqamətində tələb olunun metodiki bazanın, bu istiqamətdə fəaliyyət planlarının hazırlanması işi yekunlaşdırılmışdır. Bununla yanaşı, tələbə kontingenti potensialının artırılması, ölkəmizdə tələb olunan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə tədris prosesinin daha da gücləndirilməsi, səmərəliyinin artırılması istiqamətində işlərin bundan sonra da davam etdirməyin vacibliyini vurğuladı.

ADPU-nun Cəlilabad filialında “Dil ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri Yədulla Dadaşlı söz alaraq bildirdi ki, kafedra əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin, həmçinin ölkədaxili və ya xaricdə nəşr olunan yeni əsərlərin mütəmadi olaraq qeydiyyatı aparıldığından bu barədə kafedralarımıza vaxtında məlumat verilməsi zəruridir.

Sonda İclasın sədri ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.Sultanlı cari məsələlərlə bağlı pedaqoji heyətə tövsiyələrini və konkret göstərişlərini verdi. Həmçinin, Filialda maddi-texniki işlərə diqqəti yönəldərək Sədr tədris prosesinə nəzarətin gücləndirilməsini, iş planlarına uyğunluğunu, şöbələrarası görülən işlərin aylıq hesabatlarının hazırlanmasını, yeni fəaliyyətə başlamış gənc müəllimlərimizin pedaqoji fəaliyyətlərinin diqqətdə saxlanılaraq onlarla bu istiqamətdə lazımı dəstəyin göstərilməsini tövsiyə etdi. Elektron kitabxananın vacibliyi, kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin zənginləşdirilməsinin məqsədəmüvafiq olmasını vurğulayaraq yeni tədris ilində professor-müəllim heyətinə uğurlar arzuladı.

Xəbərlər

Şəhidlər Ölməz, Vətən Bölünməz

Bu gün ADPU-nun Cəlilabad filialında 27 sentyabr-Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Abdullayev Rəşad Arif oğlunun ailə üzvü, Vətən müharibəsi qazisi, Cəlilabad rayon II Qarabağ qaziləri ağsaqqalı Əliyev Məhərrəm Şahmirzə oğlu, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Xudayar Sultanlı açıb. Bu qələbənin əsasının hələ vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkərək bir xalq kimi milli-mənəvi dəyərlərimizi özümüzə qaytaran unudulmaz Liderin bizlərə miras qoyub getdiyi, ən ali məramlarından olan Azərbaycançılıq ideyalarını dəyərləndirib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev bu ülvi məqamı düzgün qiymətləndirmiş və Dövlətimizə, Ulu öndərimizin simasında bütün xalqımıza olan əhdini ləyaqətlə yerinə yetirmişdir. Məhz, onun yaratdığı “Xalq-Dövlət-Ordu” birliyinin gücü ilə dəmir yumruq düşmənə endirilmiş və mənfur düşmən kapitulyasiya aktı imzalamağa məcbur edilmişdir.

Sonra Filialın Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova çıxış edib. O, haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açaraq şəhidlik məqamının müqəddəs olduğunu vurğulayıb.

Vətən müharibəsi qazisi, Cəlilabad rayon II Qarabağ qaziləri ağsaqqalı Əliyev Məhərrəm tədbirdə döyüş yoldaşlarının qəhrəmanlığından geniş söz açıb. Qazi döyüş zamanı bütün ordumuzun yalnız bir amal uğrunda mübarizə apardığını, məqsədlərinin dədə-baba ərazilərimizin yağı düşməndən azad etmək olduğunu qeyd edib.

Daha sonra məruzə üçün söz “Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi metodikasının müəllimi Dəyanət Əskərova verilib. O, “Müharibənin güc yolu ilə həlli qaçılmaz idi” mövzusuna toxunmaqla pak xalqımızın daimi olaraq erməni mənfurlarının təcavüzlərinə məruz qaldığını faktlarla əsaslandırıb, “Xalq-Dövlət-Ordu” birliyinin üstünlüklərindən danışıb.

“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə çıxışında tarixi torpaqlarımızın onillər idi ki, düşmən işğalında olmasını, 44 günlük Vətən Müharibəsinin məhz, bu işğala birdəfəlik son qoymaq üçün Ali Baş komandan tərəfindən başladıldığını qeyd etdib. Tarixi qələbəmizi şərtləndirən amillərdən söz açaraq bu qələbə ilə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdiyimizi vurğulayıb.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə III tədris ilinin tələbəsi Feyziyeva Zəhranın ifasında şəhidlərimizin əziz xatirələrinə həsr olunmuş şeir ifası dinlənilib.

Filialın “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə IV tədris ilinin tələbəsi Aytac Həsənovanın Vətən Müharibəsinə həsr olunmuş video təqdimatı olub.

“Məktəbəqədər təhsil” ixtisasının” II tədris ili üzrə tələbəsi Zülfiyyə Qaraşovanın təqdimatı isə Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovaya həsr olunub. “Cənnətdən məktub” adlı video təqdimat izləyicilərə duyğulu anlar yaşadıb.

Xəbərlər

Tələbələrimiz “Karyera Marafonu 2022″Də!

Tələbələrimiz “Karyera Marafonu 2022” -də! Kapital Bank-ın start verdiyi “Karyera Marafonu 2022” layihəsi çərçivəsində növbəti görüş Lənkəran şəhərində baş tutub. Görüşdə Lənkəran və ətraf region gəncləri, 23 sentyabr tarixində Kapital Bank, Dövlət Məşğulluq Agentliyi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən tədbirdə iştirak ediblər. İştirakçılar arasında filialımızın Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova, aktiv tələbələrimiz İzzət Həsənov, Ələkbər Sadıqlı da iştirak ediblər. Karyera Marafonunda karyera sərgisi, işə qəbul üzrə mütəxəssislərlə görüş, workshop-lar keçirilib, müxtəlif hədiyyələr seçilmiş gənclərə təqdim olunub. Tədbirdə uğurlu iştirakına görə tələbələrimizə müxtəlif hədiyyələr, eləcə də Sevda Şahmarovaya təlimdə uğurlu iştirakına görə Kapital Bank tərəfindən kitab seti də təqdim olunub.

Xəbərlər

Bu Gün Şəhidimiz Famil Vüqar Oğlu Ağaşovun Doğum Günüdür

Famil Vüqar oğlu Ağaşov 19 sentyabr 1998- ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdir. O, 2017-ci il iyulun 28-də hərbi xidmətə yollanmış, əsgərlik borcunu yerinə yetirdikdən sonra 2019-cu ilin yanvar ayında ordudan təxris olunmuşdur.

Famil öz Vətənini sevən bir hərbiçi kimi müddətdən artıq xidmət etmək üçün hələ 10 noyabr 2019-cu ildə yenidən hərbi xidmətə qayıtmışdı. O, torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsi başlanan gündən döyüşlərdə iştirak edirdi; Xocavənd istiqamətində gedən əməliyyatlarda şücaətlə xidmət etmiş, erməni faşistlərinin məhv edilməsində igidlik göstərmişdir.

Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə; Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə”; Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan şiddətli döyüş əməliyyatlarında xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətənimizin igid oğlu Famil Ağaşovun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Xəbərlər

Bu Gün Vətənimizin Daha Bir Qəhrəman Övladı Son Mənzilə Yola Salındı

Bu gün Vətənimizin daha bir qəhrəman övladını, Şəhid Nəbiyev Hüseynəli Hikmət oğlunu son mənzilə yola saldıq. Yolasalma mərasimində ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, filialın professor-müəllim heyəti və tələbələr iştirak etdilər. İzdihamlı mərasim Cəlilabad şəhərinin Mehdi Hüseyn küçəsi 20 ünvanında həyata keçirildi.

Sonra Şəhidin nəşi dəfn olunmasından ötrü doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Bəcirəvan kəndinə aparıldı. Dəfn mərasimində də iştirak edən filialın direktoru X.Sultanlı, professor-müəllim heyəti, müxtəlif struktur bölmələrin nümayəndələri və bir qrup tələbə Şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı vermiş, üzüntülərini paylaşmışlar.

On illərdir dədə-baba torpaqlarımızda fitnə-fəsad, qətliamlar, terror, soyqırım törədən erməni vandalları bu gün vətənimizin igid oğulları önündə duruş gətirə bilməyib, məkrli yollarla müxtəlif təxribatlara əl atmaqdadırlar. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanlar müasir qəhrəmanlıq tariximizin səhifələrini igidlikləri, dönməzlikləri, ölümün gözünə dik baxmaq bacarıqları ilə tarix yazırlar. Əlbəttə, düşmən öz layiqli cavabını almış və cəzasını çəkməkdədir. Bildiririk ki, Azərbaycanın hər bölgəsinə nur saçan, and yeri kimi müqəddəslik qazanmış Şəhidlərimiz xalqımızın köksündə əbədi məskən salmaqla gənclərimizə daim örnək olacaqlar.

Başın sağ olsun VƏTƏN!

Xəbərlər

Daha Bir Uğurumuz!

ADPU-nun Cəlilabad filialının “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Dadaşlı Yədulla Beydulla oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə Elmlər doktorluğu proqramı əsasında dissertanturaya qəbul olunmuşdur.

Dəyərli kafedra müdirimizə elmi fəaliyyətində uğurlar arzulayırıq!

Xəbərlər

2022/2023-Cü Tədris Ilinin Başlanmasıyla Əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialında I Tədris Ilinin Tələbələri Ilə Görüş Keçirilib.

2022/2023-cü tədris ilinin başlanmasıyla əlaqədar sentyabr ayının 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında I tədris ilinin tələbələri ilə görüş keçirildi.

Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla başlanan görüşdə filialın direktoru, dosent Xudayar Sultanlı tələbə adını qazanaraq yeni təhsil pilləsinə qədəm qoyduqlarına görə bütün birinci tədris ilinin tələbələrini təbrik etdi, onlara təhsil prosesində uğurlar arzuladı.

Direktor, dosent X.Sultanlı çıxışına Ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini çox yüksək qiymət verdiyini vurğulamaqla başladı və bildirdi ki, Ulu öndər: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” – demişdir. Bildirildi ki: “bu yüksək adı qazanmaq, qoruyub saxlamaq, müəllim peşəsinin icrasını ləyaqətlə yerinə yetirmək siz tələbələrin üzərinə düşür. Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə daimi olaraq ümumdünya müstəvisində yüksəlişə inteqrasiya olunmağımız vacib şərtlərdən biridir. Məhz, bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin elmə və təhsilə xüsusi qayğısı, diqqəti göz qabağındadır. Ölkəmizin əsrlərdir davam edən tale yüklü məsələlərininin həllində iqtisadi, siyasi, hərbi, mədəni və demək olar ki, həyatımızın bütün sferalarında qazandığımız uğurlar məhz, elmi-texniki tərəqqiylə mümkün olmuşdur. Odur ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil etməkdədir. Həmçinin, ölkəmizdə təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir”.

Natiq onu da qeyd etdi ki; “belə bir əlverişli şəraitdə hər birimizin borcu vəzifəmizi şərəf və ləyaqətlə, peşəkarcasına yerinə yetirmək olmalıdır: Müəllim ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir”.

Sonra, filialın direktoru, dosent X.Sultanlı 2022/2023-cü tədris ilinin filial üzrə ən yüksək nəticə toplamış tələbəsi olan Şahbazova Mehriban Namiq qızına hədiyyələr təqdim etdi. Qeyd edək ki, Mehriban Şahbazova 524.3 balla “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olmuşdur.

Xatırladırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının ölkəmizdə pedaqoji kadr hazırlığının baza prinsiplərinə uyğun fəaliyyətində özünəməxsus payı vardır və sevindirici haldır ki, yeni tədris ilinə elə ilk mərhələdə 100 faiz tələbə qəbulu nəticəsiylə başlamışdır.

Xəbərlər

ADPU-Nun Cəlilabad Filialında I Tədris Ilinin Tələbələri Ilə Keçirilən Oriyentasiya Görüşündən

ADPU-nun Cəlilabad filialında 2022/2023-cü tədris ilinin başlanmasıyla əlaqədar I tədris ilinin tələbələriylə tanışlıq məqsədilə oriyentasiya görüşü keçirilib. Görüşdə çıxış edən Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova ilk olaraq universitetə yeni qəbul olmuş tələbələri təbrik edərək onlara uğurlar arzulayıb, müqəddəs və şərəfli müəllim adını doğrultmağı qarşılarına məqsəd qoymalarını tövsiyə eləyib. Dekan M.Rəhimova Filial haqqında, onun ayrı-ayrı ixtisasları, hər bir tələbənin bilməli olduğu tədris prosesi ilə əlaqədar olan terminləri tələbələrə izah etdi. Daha sonra Filial haqqında, onun elmi potensialı, hədəfləri, həmçinin tədris strukturu, təqaüdlərin təyin edilməsi qaydası, eləcə də davranış tövsiyyələri, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və bu təşkilatların tərkibində fəaliyyət göstərən departament, dərnək və klublar haqqında geniş məlumat verdi.

Sonra tyutor Rauf Nəsirov tələbələrə kredit sistemi, onun ayrı-ayrı müddəaları, imtahan və bal sistemi, imtahan qaydaları, qiymətləndirmə balları haqqında konkret məlumatlar verdi. Onlara Boloniya prosesinin (kredit sistemi) tələblərini izah etdi.

Daha sonra Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyevanın Filialın İctimai təşkilatlarının fəaliyyətləri barədə təqdimatı dinlənildi. D.Əliyeva tələbələrə Filialın sosial həyatında aktiv olmaları barədə tövsiyələr verdi.

Xəbərlər

Allah Şəhidlərimizə Rəhmət Eləsin!

Erməni təxribatçı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı və növbəti çirkin hərbi cinayətlərini kəskin şəkildə qınayırıq.

Düşmən hücumunun qarşısı alınarkən Ordumuzun 50 hərbi qulluqçusu şəhid olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının kollektivi olaraq şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qazilərimizə Allahdan şəfa diləyirik.

Müzəffər Ali Baş Komandan və Qəhrəman Ordumuz, biz Sizinləyik!

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın ərazi bütövlüyü!